Cəbrayılda mina partlayışı: Traktor sürücüsünün vəziyyəti ağırdır

Cəbrayılda mina partlayışı: Traktor sürücüsünün vəziyyəti ağırdır

İşğaldan azad edilmiş Cəbrayıl rayonunda mina partlayışı nəticəsində xəsarət alan şəxsin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA-nın birgə məlumatına görə, hadisə iyulun 23-də Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində baş verib.

Bildirilib ki, 1979-cu il təvəllüdlü, Cəbrayıl rayonunun Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yaralı saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ said sümüyünün orta üçdəbir hissəsinin yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınıqları diaqnozu qoyulub.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi olan ərazilərə daxil olmamağa, xəbərdarlıq nişanlarına ciddi əməl etməyə, şübhəli əşyalara toxunmamağa və çəpərlənmiş sahələrə müdaxilə etməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir