Məhkəmə “Space TV”nin hesablarını dondurdu

Məhkəmə “Space TV”nin hesablarını dondurdu

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları məbləğində həbs qoyulub.

Xeberyerinde “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxıldıqdan sonra qəbul edilib.

İş materiallarına əsasən, 2021-ci ildə “Xalq Bank” tərəfindən “Space TV”yə illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə 235 min ABŞ dolları həcmində kredit xətti ayrılıb.

Bankın iddiasına görə, şirkət kredit öhdəliklərini vaxtında yerinə yetirmədiyindən 118 380,87 ABŞ dolları əsas borc, 9 901,62 ABŞ dolları faiz və 12 030,57 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 140 313,06 ABŞ dolları məbləğində borc yaranıb.

Bu səbəbdən “Xalq Bank” gələcək məhkəmə qərarının icrasının təmin olunması məqsədilə telekanalın bank hesablarının üzərinə həbs qoyulmasını tələb edib.

Məhkəmə ərizəni qismən təmin edərək “Space TV”nin “Xalq Bank”dakı hesabları istisna olmaqla, ölkədə fəaliyyət göstərən digər banklardakı hesablarına 140 313,06 ABŞ dolları həcmində həbs qoyulmasına qərar verib.

Qərarda qeyd olunub ki, tətbiq edilən həbs əməkhaqlarının ödənilməsinə, eləcə də vergi, sosial sığorta və digər məcburi dövlət ödənişlərinin həyata keçirilməsinə mane olmayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir