Dövlət mülkiyyətində olan torpaq sahələrini qanunsuz zəbt edərək satmaqda ittiham olunan 11 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə təqsirləndirilən şəxslərin hamısı azadlıqdadır. Onlar dələduzluq və torpaq üzərində mülkiyyət hüququnun pozulması ilə bağlı ağır cinayətlərdə ittiham olunurlar.
İttihama əsasən, təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olaraq heç bir hüquqi əsas olmadan dövlətə məxsus 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib. Daha sonra həmin torpaq sahələri müxtəlif vətəndaşlara satılıb. Hazırda torpaq alan şəxslər iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlardan bəziləri aldıqları sahələrdə yaşayış evləri də tikiblər.
İş materiallarına görə, təqsirləndirilənlərdən biri MMA üzrə dünya çempionu Anar Hüseynovdur. O, 2017-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qızıl medal qazanıb.
Prokurorluğun ittihamına əsasən, Anar Hüseynov digər iki nəfərlə birlikdə qanunsuz zəbt olunmuş torpaq sahələrini satmaq və uzunmüddətli icarəyə verməklə 1 milyon 200 min manat dələduzluq yolu ilə əldə edib. Bu cinayət işi üzrə dövlətə vurulan ümumi ziyanın isə 4 milyon manatdan çox olduğu bildirilir.
Anar Hüseynov irəli sürülən ittihamları qəbul etmir və barəsində bəraət hökmünün çıxarılmasını tələb edir. Onun vəkili Ruzi Səmədov da ittihamlarla razı olmadıqlarını və məhkəmə araşdırması zamanı bunu sübut edəcəklərini bildirib.
Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq çərçivəsində araşdırılıb. İstintaq nəticəsində qanunsuz zəbt olunmuş 20 hektardan artıq dövlət torpağı geri alınaraq Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə qaytarılıb.

