Məhərrəm və Səfər ayları ilə əlaqədar toy mərasimlərinə verilən fasilənin başa çatmasına artıq sayılı günlər qalır. Paytaxtdakı şadlıq saraylarında yeni toy mövsümünə hazırlıqlar da yekunlaşdırılır.
Xəbər yerində xəbər verir ki, iyunun 16-dan etibarən toy məclislərinin keçirilməsində yaranan fasilə avqustun 14-də başa çatacaq. Artıq bir sıra şadlıq saraylarında toy tarixləri əvvəlcədən müəyyənləşdirilib.
Şadlıq saraylarının nümayəndələri bildirirlər ki, bəzi müştərilər mərasim üçün tarixləri aylar öncədən bron ediblər. Onların sözlərinə görə, yeni mövsümə maraq ötən illə müqayisədə daha yüksəkdir.
Toy menyuları bahalaşıb
Yeni mövsümlə birlikdə toy menyularının qiymətlərində də artım qeydə alınıb. İnzibatçıların sözlərinə görə, qiymətlər orta hesabla 10 faiz yüksəlib.
Şadlıq saraylarında menyunun qiyməti təqdim olunan yeməklərin və xidmətlərin çeşidinə görə dəyişir. Daha geniş menyu və əlavə xidmətlər seçildikdə ümumi xərc də artır.
İnzibatçılar qiymət artımını əsasən ərzaq məhsullarının, xüsusilə də ətin bahalaşması ilə əlaqələndirirlər.
Beləliklə, Məhərrəmliklə bağlı fasilədən sonra avqustun ortalarından etibarən paytaxtda toy mərasimləri yenidən intensivləşəcək.
Mənbə: XəzərXəbər

