Gündəlik həyatda bir çox insan baş ağrısı, soyuqdəymə, qızdırma və digər narahatlıqları həkimə müraciət etmədən dərman qəbul etməklə aradan qaldırmağa çalışır. Lakin simptomu müvəqqəti olaraq azaltmaq problemin səbəbinin müalicə olunduğu anlamına gəlmir.
Xüsusilə ağrıkəsicilər, antibiotiklər, təzyiq dərmanları və soyuqdəymə preparatlarının nəzarətsiz qəbulu müxtəlif fəsadlara səbəb ola bilər. Dərmanın dozasının düzgün seçilməməsi və uzun müddət istifadəsi isə sağlamlıq üçün əlavə risklər yaradır.
Bəs gündəlik istifadə etdiyimiz hansı dərmanlar əslində düşündüyümüz qədər təhlükəsiz deyil?
Xəbər Yerində AZXEBER.COM-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla həkim məsləhəti olmadan dərman qəbul edilməsinin düzgün olmadığını bildirib.
Professorun sözlərinə görə, hətta insanların geniş istifadə etdiyi aspirin, parasetamol və ibuprofen kimi preparatlar belə nəzarətsiz qəbul edilməməlidir.
O qeyd edib ki, dərmanların təyinatı fərqli ola bilər: bəzi preparatlar yalnız simptomları, məsələn, ağrını azaltmaq üçün, digərləri isə xəstəliyin əsas müalicəsi üçün istifadə olunur. Buna görə də dərman seçimi zamanı xəstənin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
Adil Qeybulla bildirib ki, qan təzyiqini tənzimləyən dərmanların qəbulu da həkim tərəfindən müəyyənləşdirilməlidir. Eyni preparat müxtəlif insanlarda fərqli təsir göstərə bilər və onun seçimi zamanı bir sıra amillər nəzərə alınır.
Professor xüsusilə sürətli təsir göstərən preparatlarla bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, adrenalin kimi dərmanlar heç bir halda həkim göstərişi olmadan istifadə edilməməlidir.
A.Qeybulla psixotrop preparatların və narkotik analjeziklərin də yalnız tibbi nəzarət altında qəbul edilməli olduğunu vurğulayıb.
O bildirib ki, narkotik analjeziklər əsasən xəstəxana şəraitində ağrının aradan qaldırılması məqsədilə tətbiq edilir. Psixotrop dərmanların istifadəsi isə mütləq həkim təyinatı tələb edir.
Professorun fikrincə, “sadə” və ya “zərərsiz” hesab edilən dərmanların belə özbaşına qəbulu düzgün yanaşma deyil və əlavə sağlamlıq problemlərinə yol aça bilər.

