Abşeronda kənd yolu yağışdan sonra keçilməz oldu – sakinlər narazıdır-VİDEO

Abşeronda kənd yolu yağışdan sonra keçilməz oldu – sakinlər narazıdır-VİDEO

Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, Abşeronun qədim yaşayış məntəqələrindən olan Məmmədli kəndində yollar yağışdan sonra keçilməz vəziyyətə düşüb.

Məlumata görə, sakinlər yollarda yaranan gölməçələrin və çalaların nəqliyyatın hərəkətini ciddi şəkildə çətinləşdirdiyini bildiriblər.

“Maşının altı gedir, dağılır”

Sakinlərin sözlərinə görə, yollardakı vəziyyət avtomobillərin sıradan çıxmasına səbəb olur, sürücülər isə məcburən təhlükəli şəraitdə hərəkət edirlər.

Sürücülərdən biri vəziyyətdən narazılığını belə ifadə edib:

“Allaha and olsun, bezmişəm artıq. Bu nə yoldur? Maşının altı gedir, dağılır. Bu yol aylardır, hətta bəlkə də bir ildən çoxdur bu vəziyyətdədir. Bu gün bazar günüdür, nə iş günüdür, nə də dərs günü. Buna baxmayaraq, yolda böyük tıxac yaranıb. Həftəiçi günlərdə isə tıxac əlindən tərpənmək olmur”.

Digər sürücü isə avtomobilinin alt hissəsinin zədələndiyini bildirib:

“Avtomobillər tez-tez sıradan çıxır. Bu gün iki dəfə maşının altını yerə vurdum. Sözün hər mənasında yoldan keçmək mümkün deyil”.

217 nömrəli avtobusun hərəkətində də problem yaranıb

Sakinlərin sözlərinə görə, 217 nömrəli avtobus da bu yoldan keçərək “Koroğlu” metrostansiyasına hərəkət edir.

Bildirilir ki, son günlər yolun vəziyyəti ilə əlaqədar avtobusun hərəkət istiqamətini dəyişdiyi hallar da olub.

“Uşaqları hər gün taksi ilə aparıb-gətirirlər”

Vətəndaşlar yolun vəziyyətinin xüsusilə məktəblilər və tələbələr üçün ciddi çətinlik yaratdığını deyiblər.

“Burada məktəblilər, tələbələr yaşayır. Hər gün məktəbə, universitetə gedirlər. Valideynlər təhsil haqqını ödəməklə yanaşı, hər gün uşaqları taksi ilə aparıb-gətirməli olurlar”, – sakinlərdən biri bildirib.

Ərazidə yaşayan digər sürücü isə hər gün bu yoldan istifadə etdiyini deyib:

“Burada yaxınlıqda yaşayıram və hər gün bu yoldan istifadə edirəm. Hər səhər uşaqları məktəbə aparıram. Buradan keçmək çox çətindir, tıxac yaranır, uşaqlar da dərsə gecikir. Alçaq avtomobillərin hamısının altı yerə dəyir. Biabırçılıqdır”.

Kanalizasiya və yağış suları problemi

Sakinlərin sözlərinə görə, ərazidə kanalizasiya və yağış sularının idarə olunması ilə bağlı da problem mövcuddur.

“Burada kanalizasiya sistemi yoxdur. Yağış suları üçün sistem qurulsa, avtomobillər, avtobuslar və sakinlər bu qədər əziyyət çəkməzlər. Bir damcı yağış yağan kimi yollar bərbad vəziyyətə düşür. Camaat işə, uşaqlar məktəbə gedə bilmir. Bu problemə bir əncam çəksinlər”, – sakinlərdən biri qeyd edib.

AAYDA-dan açıqlama

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, ilk növbədə ətraf yaşayış ərazilərində toplanan yağış və qrunt sularının avtomobil yolundan kənarlaşdırılması üçün zəruri tədbirlər görülməlidir.

Agentlikdən qeyd olunub ki, mövcud vəziyyət ərazidə yağış və yeraltı suların effektiv idarə olunmadığını göstərir. Bunun nəticəsində yolun müəyyən hissələrində deformasiyalar yaranıb.

AAYDA-nın açıqlamasında bildirilib ki, bu vəziyyət təmir-bərpa işlərinin dayanıqlı və keyfiyyətli şəkildə aparılmasını da çətinləşdirir.

Agentliyin məlumatına görə, asfalt örtüyünün təmirinə başlamazdan əvvəl səth və qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi və ötürücü xətlərin inşası zəruri şərtdir.

Qeyd olunan məsələlərin həlli və müvafiq mühəndis-kommunikasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə AAYDA tərəfindən aidiyyəti quruma müraciət edilib.

Agentlik bildirib ki, yalnız həmin tədbirlər aidiyyəti qurum tərəfindən icra olunub başa çatdırıldıqdan sonra yolda təmir-bərpa işləri həyata keçirilə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir