Azərbaycanda 100-dən artıq dövlət domeni xarici haker qruplaşmasının kiberhücumuna məruz qalıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 13-də saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı kiberhücum fəaliyyəti qeydə alınıb.
Məlumata görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib və 100-dən artıq dövlət domenini hədəf alıb. Nəticədə bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranıb.
Xidmətin həyata keçirdiyi müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib.
Hazırda kibertəhlükəsizliyin təmin olunması məqsədilə müvafiq tədbirlər davam etdirilir.

