Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində (ADSEA) və onun sələfi “Azərsu” ASC-də yüksək vəzifələrdə çalışmış Səday Alıyev cinayət məsuliyyətinə cəlb edilib.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, sabiq vəzifəli şəxs 3 milyon manat mənimsəmədə ittiham olunur.
Sonuncu dəfə ADSEA-da şöbə müdiri vəzifəsində çalışan Səday Alıyevin fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb.
Araşdırma zamanı əldə olunan sübutlar əsasında ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə xüsusilə külli miqdarda mənimsəmə və ya israf etməyə görə məsuliyyət nəzərdə tutur.
52 yaşlı sabiq məmur həbs edilməyib. Onun barəsində məhkəməyə qədər “polisin nəzarətinə vermə” qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ADSEA-nın tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC zərərçəkmiş qismində tanınıb.

