Rusiyada sürücülük vəsiqəsi almaq istəyənləri yeni qaydalar gözləyir. 2027-ci il martın 1-dən etibarən sürücülük imtahanlarının audio və video vasitəsilə qeydə alınması nəzərdə tutulur. Yeniliyin imtahan prosesində şəffaflığın artırılmasına və yarana biləcək mübahisəli halların qarşısının alınmasına xidmət edəcəyi bildirilir.
Bəs Rusiyada tətbiqi planlaşdırılan bu sistem Azərbaycanda da reallaşdırıla bilərmi?
Xəbər Yerində Bizim.media-ya istinadən xəbər verir ki, nəqliyyat üzrə ekspert Orxan Şərifov Azərbaycanda sürücülük imtahanlarının keçirilməsi ilə bağlı müəyyən texniki tələblərin artıq mövcud olduğunu bildirib.
Ekspertin sözlərinə görə, nəzəri imtahanların keçirildiyi zallarda videokameralar quraşdırılıb. Praktiki imtahanlarda istifadə olunan avtomobillər də sürücülük prosesini qeydə alan kameralarla təchiz edilib.
Orxan Şərifov qeyd edib ki, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin IV-I hissəsinə əsasən, sürücülük vəsiqəsinin verilməsi zamanı imtahan zalında videokamera olmalı və imtahan prosesi interaktiv monitorlarda əks etdirilməlidir.
Onun sözlərinə görə, qanunvericilikdə imtahan zalında videomüşahidənin nəzərdə tutulması bütün prosesin səs və görüntü ilə fasiləsiz qeydə alınması demək deyil.
Ekspert Rusiyada planlaşdırılan yeniliyin əsas fərqinin səs yazısının da aparılması ilə bağlı olduğunu vurğulayıb. O hesab edir ki, Azərbaycanda da bu cür audio-video qeydiyyat sisteminin tətbiqi imtahanların şəffaflığını artıra və mümkün mübahisələrin həllinə kömək edə bilər.
Orxan Şərifovun fikrincə, belə bir sistemin texniki baxımdan tətbiqi mümkündür. Bununla belə, yeniliyin Azərbaycanda reallaşdırılması üçün müvafiq rəsmi qərar qəbul edilməlidir.

