Bakıda məmurun həyat yoldaşı “lyuka” düşdü – Vəzifəli şəxs cərimələndi

Bakıda məmurun həyat yoldaşı “lyuka” düşdü – Vəzifəli şəxs cərimələndi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun həyat yoldaşı Bakıda açıq qalmış yağışqəbuledici quyusuna düşərək ağır xəsarət alıb.

Xəbər Yerində “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 13B ünvanında baş verib.

Məlumata görə, Rövşən Əmircanovun həyat yoldaşı avtomobildən düşərkən yolun kənarında yerləşən yağışqəbuledicinin açıq quyusuna düşüb. Nəticədə onun sağ baldır sümükləri sınıb və sağlamlığına az ağır zərər vurulub.

Cinayət işi açıldı

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanıb. Həmin maddə vəzifəli şəxsin xidməti vəzifələrini vicdansız və ya laqeyd münasibət səbəbindən yerinə yetirməməsi, yaxud lazımi qaydada icra etməməsi nəticəsində mühüm zərər vurulmasına görə məsuliyyəti nəzərdə tutur.

Hadisə ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib. Onun kimliyi barədə məlumat əldə etmək mümkün olmayıb.

İşə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılıb və təqsirləndirilən şəxsə bəraət verilib. Dövlət ittihamçısı hökmdən apellyasiya protesti verərək qərarın ləğvini və vəzifəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Apellyasiya məhkəməsi bəraət hökmünü ləğv etdi

Protestdə bildirilib ki, iş üzrə toplanmış sübutlar, zərərçəkmişin və şahidlərin ifadələri, eləcə də ekspert rəyləri hadisənin yağışqəbuledicinin üzərində qoruyucu barmaqlığın olmaması səbəbindən baş verdiyini təsdiqləyir.

Məhkəmə-tikinti ekspertizasının rəyinə əsasən, quyunun barmaqlıqla təchiz edilməməsi hadisənin texniki səbəbi olub. Ekspertlər təhlükəsizlik tələblərinin yerinə yetirilməməsinə görə məsul şəxslərin istintaqla müəyyənləşdirilməli olduğunu qeyd ediblər.

Bakı Apellyasiya Məhkəməsi işə yenidən baxaraq Xətai Rayon Məhkəməsinin bəraət hökmünü ləğv edib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və 2 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir