Bakıda dişini çəkdirən qadın dünyasını dəyişdi – Ailəsi həkimi günahlandırır

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişdi – Ailəsi həkimi günahlandırır

Xəbər Yerində Baku TV-yə istinadən xəbər verir ki, Bakıda dişini çəkdirdikdən sonra vəziyyəti ağırlaşan qadın dünyasını dəyişib.

Baku TV-nin qaynar xəttinə müraciət edən Cəmilə Mahmudova bacısı Leyla Əhmədovanın həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edib.

Diş çəkildikdən sonra vəziyyəti ağırlaşıb

Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib.

Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov tərəfindən dişi çəkildikdən sonra qadının vəziyyəti kəskin pisləşib. Daha sonra vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib.

Qadın burada həkim Məhəmməd Davudov tərəfindən müalicə və əməliyyat olunub, daha sonra Reanimasiya şöbəsinə götürülüb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb və Leyla Əhmədova sentyabrın 6-da dünyasını dəyişib.

Ailə nə deyir?

Mərhumun anası bildirib ki, müayinə zamanı iynə vurularkən qızı kəskin ağrıdan qışqırıb. Onun sözlərinə görə, assistent də həkimə sinirə toxunulduğunu deyib.

Ailə iddia edir ki, iltihablı və şişkin diş rentgen müayinəsi aparılmadan çıxarılıb. Evə qayıtdıqdan sonra qadının ağrısı və keyliyi keçməyib.

Mərhumun anası həkimin məsuliyyət daşımalı olduğunu və cəzalandırılmasını tələb edib.

Həkim iddialara nə cavab verib?

Stomatoloq Samir Novruzov isə bildirib ki, xəstə müraciət edib və onlar öz işlərini görüblər. Həkimin sözlərinə görə, rentgenə ehtiyac yarandığı zaman pasiyent müvafiq müayinəyə göndərilir.

O, hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını deyib.

Hadisənin səbəbləri və qadının ölümünün diş çəkilməsi ilə əlaqəsinin olub-olmaması ilə bağlı yekun qiymətləndirmənin araşdırmaların nəticəsindən sonra müəyyənləşəcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir