Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Xəbər Yerində xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları paytaxt sakini Bəxtiyar Ağayevi “Lada” markalı avtomobillə təhlükəli manevrlər edərək kobud yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıblar.
Sürücünün hərəkətləri şübhə doğurub
Məlumata görə, sürücü sənədlərini təqdim etməkdən imtina edib. Onun davranışları şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi qərara alınıb.
Müayinə nəticəsində B.Ağayevin narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
Faktla bağlı görülən tədbirlər nəticəsində məhkəmənin qərarı ilə sürücü 20 gün müddətinə inzibati qaydada həbs olunub.
BDYPİ sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək insanların həyatını təhlükəyə atan şəxsləri qanunazidd əməllərə son qoymağa çağırıb.
İdarə bu kimi hallara qarşı bundan sonra da ən sərt tədbirlərin görüləcəyini vurğulayıb.

