Beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Polşada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və Polşada yeri müəyyən edilən şəxs oktyabrın 1-də Azərbaycana gətirilib.
2023-cü ildə dələduzluqda ittiham olunub
Söhbət Rüstəmov Zirəddin Elçin oğlundan gedir. O, 2023-cü ildə tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə ittiham edilib.
İttihama əsasən, Zirəddin Rüstəmov müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə yalan vədlər verərək onlara külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Polşadan Azərbaycana gətirildi
Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində Rüstəmovun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları onu Polşanın Varşava şəhərindən Azərbaycana gətiriblər.
Məhkəmənin həbs qərarına əsasən Rüstəmov müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi bildirib ki, bu sahədə zəruri tədbirlər davam etdirilir.

