Avstraliyanın Şimal Ərazisində balıq ovuna çıxan Metyu Morris tilovuna düşən balıq sayəsində 1 milyon dolların sahibi olub. O, tutduğu barramundi növündən olan balığın üzərindəki qırmızı etiketi görərək böyük mükafatı qazandığını anlayıb.
Xəbər Yerində Haberler.com-a istinadən xəbər verir ki, Morris dostu ilə birlikdə Corroboree Billabong ərazisində balıq tutarkən həyatının ən böyük sürprizi ilə qarşılaşıb.
Balığı qayığa çıxarmaq üçün dəqiqələrlə mübarizə aparıb
Morrisin tilovuna qayıq dayanacağından cəmi bir neçə yüz metr uzaqlaşdıqları zaman barramundi növündən olan balıq düşüb.
Lakin balığı qayığa çıxarmaq heç də asan olmayıb. Balıq qayığın mühərrikinin ətrafına iki dəfə dolanaraq balıqçıya çətin anlar yaşadıb. Nəhayət, onu qayığa çıxaran Morris üzərindəki qırmızı etiketi görüb və böyük mükafat qazandığını anlayıb.
12 illik yarışmada ikinci qalib oldu
Məlum olub ki, balığın üzərindəki etiket “Million Dollar Fish” (Milyon Dollarlıq Balıq) yarışmasının 1 milyon dollarlıq əsas mükafatına aiddir.
Beləliklə, Morris 12 ildir keçirilən yarışmanın tarixində bu böyük mükafatı qazanan ikinci balıqçı olub. O, hər mövsüm yarışmaya qatıldığını, lakin bir gün milyon dollarlıq mükafatın ona qismət olacağını heç vaxt düşünmədiyini bildirib.
İlk işi ev almaq olacaq
Gözlənilməz qazancdan sonra Morrisin ilk planı ev almaqdır. O, bu pulun gələcəyini təmin etməyə kömək edəcəyini desə də, işindən ayrılmaq niyyətində olmadığını vurğulayıb.
Balıqçının anası Kerolayn da oğlunun uşaqlıqdan balıq tutduğunu bildirib. Onun sözlərinə görə, balıqçılıq ailənin həyatında həmişə mühüm yer tutub və oğlunun milyon dollarlıq mükafatı qazandığı xəbərinə inanmaqda çətinlik çəkib.
Daha 96 mükafatlı balıq tutulmağı gözləyir
Şimal Ərazisi hökumətinin təşkil etdiyi yarışmada əsas mükafatın sahibini tapması digər iştirakçılar üçün fürsətlərin bitməsi demək deyil.
Təşkilatçıların məlumatına görə, bölgənin sularında hər biri ən azı 10 min dollar dəyərində mükafat daşıyan daha 96 etiketli barramundi balığı var. Yarışma mart ayının sonunadək davam edəcək.
Bundan başqa, layihənin xeyriyyə məqsədli dəstəyi də davam edir. İndiyədək xeyriyyə təşkilatlarına 130 min dollardan çox vəsait ayrılıb. Morrisin tutduğu balıq sayəsində bu məbləğə daha 10 min dollar əlavə olunacaq. Vəsait Şimal Ərazisi Xilasedicilər Assosiasiyasına köçürüləcək.




