Bu gün Azərbaycanda Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Xəbər Yerində xəbər verir ki, Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsindən 6 il ötür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı çərçivəsində düşmən mövqelərinə sarsıdıcı zərbələr endirilib. Döyüşlərin ilk günlərindən etibarən Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində irəliləyərək bir sıra yaşayış məntəqələrini azad edib.
Cəbrayılın azad edildiyi gün
2020-ci il oktyabrın 4-də Vətən müharibəsinin 8-ci günündə Cəbrayıl şəhəri işğaldan azad edilib. Şəhərin azad olunması barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciəti zamanı məlumat verib.
Həmin gün Cəbrayıl şəhəri ilə yanaşı, rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri də işğaldan azad olunub.
Cəbrayıl Vətən müharibəsi zamanı işğaldan azad edilən ilk şəhər olub.
Cəbrayılda Böyük Qayıdış
Cəbrayılın azad edilməsindən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərdə yaşayış kompleksi, məktəb və digər infrastruktur obyektləri yaradılıb. Dövlət başçısının iştirakı ilə bir sıra mühüm layihələrin açılışı keçirilib.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib. Həmin sənədə əsasən, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilib.
Beləliklə, bu gün Cəbrayılın azad edilməsinin 6-cı ildönümü qeyd olunur.

