Çıxarışsız evlərlə bağlı 2030-cu il məsələsi gündəmdə

Çıxarışsız evlərlə bağlı 2030-cu il məsələsi gündəmdə

Çıxarışı olmayan evlərlə bağlı vacib məqam: 30 il yaşayanlar nə edə bilər?

Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evinin olduğu bildirilir. Belə evlərdə yaşayan vətəndaşların mülkiyyət hüququ əldə etməsi məsələsi isə aktual olaraq qalır.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi müəyyən şərtlər daxilində özbaşına tikililərə və dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka mülkiyyət hüququnun tanınmasını nəzərdə tutur.

Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində, lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normaları ciddi şəkildə pozulmaqla inşa edilən yaşayış evi və digər tikililər özbaşına tikinti hesab olunur.

Belə tikilini inşa edən şəxs avtomatik olaraq həmin əmlaka mülkiyyət hüququ əldə etmir. Mülkiyyət hüququ məhkəmə tərəfindən yalnız qanunla müəyyən edilmiş şərtlər daxilində tanına bilər. Tikintinin saxlanılması digər şəxslərin hüquqlarını pozursa və ya insanların həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, mülkiyyət hüququnun tanınmasına yol verilmir.

30 il evdə yaşayanlar mülkiyyət hüququ tələb edə bilərmi?

Mülki Məcəllənin 178.6-cı maddəsinə əsasən, dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka 30 il ərzində fasiləsiz və etirazsız faktiki mülkiyyətçi kimi sahiblik edən şəxs özünün mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.

Məlumata görə, praktikada bu müddətin hesablanması ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bəzi hallarda 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi 1 sentyabr 2000-ci ildən hesablanması yanaşmasına rast gəlinir. Bu yanaşma tətbiq olunarsa, həmin müddətin tamamlanması 2030-cu ilə təsadüf edəcək.

Lakin Mülki Məcəllənin 178.6-cı maddəsində 30 illik müddətin yalnız 2000-ci ildən sonrakı sahiblik dövrünə aid edilməsini nəzərdə tutan ayrıca məhdudiyyətin olmadığı vurğulanır.

Məcəllənin 7.1-ci maddəsinə əsasən, Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulan istisnalar xaricində mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə tətbiq edilir.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi isə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsini nəzərdə tutur.

Çıxarışsız evlərə mülkiyyət hüququ tanına bilərmi?

Məlumatda qeyd olunur ki, Mülki Məcəllənin 178.6-cı maddəsinin tətbiqi zamanı əsas şərtlərdən biri əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edilməsidir. Bu şərtləri ödəyən faktiki mülkiyyətçi müvafiq qaydada mülkiyyətçi kimi qeydiyyata alınmasını tələb edə bilər.

Bununla belə, 30 il yaşamaq öz-özlüyündə hər bir çıxarışsız evə mülkiyyət hüququnun avtomatik verilməsi demək deyil. Əmlakın hüquqi statusu, torpaq sahəsinin təyinatı, mövcud sənədlər və qanunvericiliyin digər tələbləri ayrıca qiymətləndirilməlidir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir