Dövlət qulluğuna qəbulda yeni qadağalar – Bu şəxslər vəzifə tuta bilməyəcək

Dövlət qulluğuna qəbulda yeni qadağalar – Bu şəxslər vəzifə tuta bilməyəcək

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, dövlət qulluğuna qəbul qaydalarında yeni məhdudiyyətlərin tətbiqi təklif olunur.

Bu məsələlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.

Layihəyə əsasən, din xadimləri, digər dövlətin vətəndaşlığını qəbul etmiş və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər, eləcə də müəyyən xəstəlikləri səbəbindən dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər dövlət qulluğu vəzifəsi tuta bilməyəcəklər.

Hazırda hansı şəxslər dövlət qulluğuna qəbul edilə bilmir?

Qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən, şəxs aşağıdakı hallarda dövlət qulluğuna qəbul edilə bilməz:

  • fəaliyyət qabiliyyətinin olmaması və ya məhdud olması məhkəmənin qərarı ilə təsdiqləndikdə;
  • ödənilməmiş və ya götürülməmiş məhkumluğu olduqda;
  • bilavasitə tabeliyində və ya nəzarəti altında çalışacağı dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq əlaqəsi olduqda. Buraya ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları və övladları daxildir;
  • barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
  • qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

Yeni layihədə məhdudiyyətlərin dairəsi genişləndirilir

Dövlət Qulluğu Məcəlləsinin layihəsində isə dövlət qulluğu vəzifəsini tuta bilməyəcək şəxslərin siyahısının genişləndirilməsi nəzərdə tutulur.

Belə şəxslər sırasına:

  • digər dövlətin vətəndaşlığını qəbul etmiş və ya digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
  • fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənən şəxslər;
  • ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxslər;
  • barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirəcəyi xəstəliklər səbəbindən dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
  • qulluq funksiyalarını və vəzifələrini yerinə yetirmədiyinə və ya lazımi şəkildə yerinə yetirmədiyinə, həmçinin müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 ay ərzində);
  • din xadimləri

daxil ediləcək.

65 yaş məhdudiyyəti də saxlanılır

Layihədə dövlət qulluğunda yaşla bağlı mövcud məhdudiyyətin də qorunması nəzərdə tutulur.

Belə ki, qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunda olduğu kimi, Dövlət Qulluğu Məcəlləsinin layihəsində də 65 yaşla bağlı məhdudiyyət saxlanılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir