Dövlət qulluqçularının rotasiya qaydaları dəyişir
Dövlət qulluqçularının rotasiyası, yəni başqa vəzifəyə keçirilməsi ilə bağlı qaydalar dəyişir.
Xəbər Yerində xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Sənədə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası həyata keçiriləcək.
Rotasiyanın məqsədi dövlət orqanlarının kadr potensialından düzgün istifadə olunmasını və onun inkişafını təmin etmək, dövlət qulluqçularının peşəkarlıq səviyyəsini yüksəltmək, şəffaflığı gücləndirmək və korrupsiyaya qarşı mübarizəni artırmaqdır.
Kimlər rotasiya olunmayacaq?
Layihəyə əsasən, müvafiq inzibati vəzifədə 5 ildən az qulluq keçən dövlət qulluqçuları rotasiya edilməyəcək. Həmçinin bir dövlət qulluqçusunun 3 dəfədən artıq rotasiya olunmasına yol verilməyəcək.
1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının rotasiyası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdiriləcək.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Dövlət Qulluğu Məcəlləsinin layihəsi III oxunuşda qəbul edilib.
Dövlət qulluqçularının pedaqoji fəaliyyəti ilə bağlı qaydalar dəyişir
Dövlət qulluqçularının pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək.
Xəbər Yerində xəbər verir ki, bu məsələ Dövlət Qulluğu Məcəlləsinin layihəsində əksini tapıb.
Qüvvədə olan “Dövlət qulluğu haqqında” qanuna əsasən, dövlət qulluqçusunun əlavə ödənişli fəaliyyətlə məşğul olmaq, əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla, hər hansı seçkili və ya təyinatlı vəzifə tutmaq hüququ yoxdur.
Həmçinin dövlət qulluqçusu elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanının rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Yeni layihədə hansı dəyişiklik nəzərdə tutulur?
Dövlət Qulluğu Məcəlləsinin layihəsinə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli fəaliyyətlə məşğul olmaq hüququ məhdudlaşdırılır. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyalarının icrası halları istisna təşkil edir.
Layihəyə görə, dövlət qulluqçusunun heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, eləcə də qulluq müddətində sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı olmayacaq.
Elmi və pedaqoji fəaliyyət isə qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılığı ilə mümkün olacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Dövlət Qulluğu Məcəlləsinin layihəsi III oxunuşda qəbul edilib.

