Hazırda Azərbaycanda müşahidə olunan yağışlı və dumanlı hava şəraiti, eləcə də həftəsonu yollarda hərəkət intensivliyinin artacağı gözləntisi sürücülərdən daha diqqətli olmağı tələb edir.
Xəbər Yerində xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bununla bağlı sürücülərə müraciət edib.
Bildirilib ki, xüsusilə gecə və səhər saatlarında müşahidə olunan duman və çiskin yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır. Bu vəziyyət sürücülərin digər hərəkət iştirakçılarını, yol nişanlarını, nişanlama xətlərini və nizamlayıcı vasitələri vaxtında görməsini çətinləşdirir.
BDYPİ şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə əlverişsiz hava şəraitində daha ehtiyatlı olmağı tövsiyə edib.
Qeyd olunub ki, sürət həddi mövcud yol və hava şəraitinə uyğun seçilməli, texniki nasazlığı olan nəqliyyat vasitələri ilə yola çıxılmamalıdır.
İdarə, həmçinin dayanma, durma, parklanma, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayıb.
BDYPİ bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə və təhlükəsizliyə məsuliyyətlə yanaşmağa çağırıb.

