“Most Traveled People” klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, səyyahlar səfər çərçivəsində Zəngəzur dəhlizinin ərazisində olublar.
Nümayəndə heyətinə Azərbaycanın həyata keçirdiyi və Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsinin təmin olunmasına xidmət edən genişmiqyaslı infrastruktur layihəsi barədə ətraflı məlumat verilib.
Səfərdə 13 ölkədən 40-a yaxın şəxs iştirak edir
Qeyd edək ki, “Most Traveled People” klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri artıq üçüncü gündür.
Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər ölkələrdən olmaqla, ümumilikdə 13 ölkəni təmsil edən 40-a yaxın şəxs yer alır.
Bu, 17-ci qrup səfəridir
2021-2026-cı illər ərzində aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağ və Şərqi Zəngəzura təşkil etdiyi səfərlərin sayı bununla 17-yə çatıb.
Bu səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və quruculuq işləri ilə yerində tanış olmaq imkanı yaradır.







