Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
İş üzrə toplanan materialların tanış olmaq üçün müdafiə tərəfinə təqdim edildiyi bildirilir.
İttiham maddəsi açıqlanıb
İstintaqın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən aparıldığı qeyd olunur.
Əli Kərimli və Məmməd İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə hakimiyyəti zorla ələ keçirməyə və ya saxlamağa, eləcə də dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətləri nəzərdə tutur.
İş məhkəməyə göndəriləcək
Müdafiə tərəfinin iş materialları ilə tanışlığından sonra istintaq orqanının cinayət işi üzrə yekun sənədləri hazırlayaraq materialları məhkəməyə göndərməsi gözlənilir.
Məlumata görə, iş üzrə ittiham aktının hazırlanmasından sonra materialların Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilməsi nəzərdə tutulur.
Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.
Həbs müddətləri daha əvvəl uzadılmışdı
Xatırladaq ki, Əli Kərimli və Məmməd İbrahim 2025-ci ilin noyabrında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. 2026-cı ilin iyununda Səbail Rayon Məhkəməsi onların həbs müddətini daha 5 ay uzadıb.
Onların həbsi DTX-nin araşdırdığı Ramiz Mehdiyevlə bağlı cinayət işi ilə əlaqələndirilib. Əli Kərimli isə həmin iş üzrə irəli sürülən ittihamları və onun Ramiz Mehdiyevlə əlaqələndirilməsini rədd edib.

