Məşhur müğənni Grimes şəxsi həyatında və ictimaiyyət qarşısında yaşadığı təzyiqlərdən danışıb. Elon Musk ilə münasibətindən üç övladı olan sənətçi illər ərzində hər səhər güclü qorxu hissi ilə oyandığını açıqlayıb.
Xəbər Yerində “Haberler”ə istinadən xəbər verir ki, Grimes qatıldığı müsahibə zamanı şəxsi həyatının müxtəlif mərhələlərində özünü daim nədəsə ittiham olunan biri kimi hiss etdiyini bildirib.
“Hər səhər qorxu ilə oyanırdım”
Grimes yaşadığı dövrün onun üçün olduqca çətin və qorxulu olduğunu deyib. Müğənni həyatının müxtəlif sahələrində davamlı olaraq yeni ittihamlarla üzləşirmiş kimi hiss etdiyini bildirib.
Üç uşaq anası olan sənətçi bütün bu prosesdən övladlarını mümkün qədər uzaq tutmağa çalışdığını söyləyib.
Övladları ilə bağlı narahatlığı artıb
Grimes analıqdan sonra uşaqlarının böyüyəcəyi dünya ilə bağlı narahatlıqlarının da artdığını qeyd edib. Bununla belə, müğənni danışdığı qorxu və təzyiq hisslərini birbaşa Elon Musk ilə əlaqələndirməyib.
Yeni albomu Musk haqqında olmayacaq
Sənətçi yeni albomu “Psy Opera” barədə də danışıb. Grimes əsərin keçmiş münasibəti və Elon Musk ətrafında qurulmasını istəmədiyini açıq şəkildə bildirib.
Müğənni albomu iki hissə şəklində təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, ikinci hissə daha şəxsi mövzulara həsr olunacaq.
“Psy Opera”nın ikinci hissəsinin dəqiq təqdimat tarixi isə hələ müəyyənləşməyib.

