ABŞ Prezidenti Donald Trampın Ohayo ştatında keçirilən mitinqində etirazçıya qarşı fiziki hücum olub. Trampın həmin şəxsi ələ salması isə diqqət çəkib.
Xəbər Yerində xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 12-də ABŞ-ın Ohayo ştatının Yanqstaun şəhərində keçirilən mitinq zamanı baş verib.
“Epşteyn sənədlərini açıqlayın” yazılmış köynək geyinən etirazçı Trampın çıxışını kəsib. Bundan sonra ətrafdakı şəxslər ona hücum edərək yumruq vurub və saçını dartıblar.
Tramp etirazçını ələ saldı
Hadisə zamanı Tramp etirazçının pulla tutulduğunu iddia edib və onu təhqiramiz ifadələrlə hədəfə alıb.
“Pullu etirazçıdır. Onlar hamısı pulla tutulublar. Solçular ölkəmizi dağıtmaq üçün onlara pul ödəyirlər”, – deyə Tramp bildirib.
Daha sonra o, etirazçını “kök adam” adlandıraraq pəhriz saxlamalı olduğunu söyləyib. Trampın bu sözləri mitinq iştirakçılarının şüarları ilə müşayiət olunub.
Hadisəyə müdaxilə edən təhlükəsizlik əməkdaşları etirazçını ərazidən uzaqlaşdırıblar.
Hadisə ilə bağlı araşdırma aparılır
Associated Press-in məlumatına görə, Mahoninq dairəsinin şerif idarəsinin nümayəndəsi hadisə ilə əlaqədar heç kimin həbs edilmədiyini bildirib.
Etirazçının “Epşteyn sənədlərini açıqlayın” yazılı köynəyi ABŞ-da Cefri Epşteyn işi üzrə sənədlərin açıqlanması ilə bağlı müzakirələrin davam etdiyi vaxta təsadüf edib.

