Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərdi – Zəfər Günü münasibətilə

Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərdi – Zəfər Günü münasibətilə

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Ərdoğan məktubunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından səmimi təbriklərini çatdırıb.

“Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün qürur mənbəyidir”

Türkiyə lideri təbrik məktubunda 30 il işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsini tarixi Zəfər kimi dəyərləndirib:

“Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.

Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız “Bir millət, iki dövlət” anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm”.

“Cənubi Qafqaz əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır”

Ərdoğan regionda sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycan və Türkiyənin birgə fəaliyyətinə də toxunub.

O bildirib ki, davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün həyata keçirilən əlaqələndirilmiş işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi deyil, əməkdaşlıq və inkişaf məkanı kimi tanınır.

Türkiyə Prezidenti Vətən uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət diləyib, onların xatirəsini ehtiramla yad edib və qazilərə minnətdarlığını bildirib.

Ərdoğan məktubunun sonunda İlham Əliyevə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavan və dinc gələcək arzulayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir