Xəbər Yerində Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini icra edən Oktay Saral istefa verdiyini açıqlayıb.
O, qərarını sosial şəbəkə hesabında paylaşaraq vəzifələrin müvəqqəti olduğunu, əsas məsələnin insanın hansı dəyərləri müdafiə etməsi olduğunu bildirib.
“Əsas məsələ hansı dəyərlərin arxasında dayanmaqdır”
Oktay Saral açıqlamasında 2016-cı ildən bəri böyük şərəf və məsuliyyətlə icra etdiyi prezidentin baş müşaviri vəzifəsindən istefasını təqdim etdiyini bildirib.
“Vəzifələr gəlib-keçər, titullar əl dəyişər. Əsas məsələ insanın hansı vəzifədə oturması deyil, hansı dəyərlərin arxasında dayanmasıdır. Bizim üçün əsas olan vəzifələr deyil, illərdir eyni istiqamətdə irəlilədiyimiz amalımız və cənab Prezidentlə çiyin-çiyinə verdiyimiz mübarizədir”, – deyə o qeyd edib.
Saral qərarının inandığı dəyərlərdən və xalqa xidmət etmək istəyindən geri çəkilmək anlamına gəlmədiyini vurğulayıb. O, bundan sonra da Ərdoğanın yanında olacağını və eyni əzm və qətiyyətlə yoluna davam edəcəyini bildirib.
O, açıqlamasının sonunda inandığı dəyərləri hər cür bədəl ödəmək bahasına müdafiə edənlərdən olmaq istədiyini qeyd edib.
Azərbaycanla bağlı açıqlaması müzakirələrə səbəb olmuşdu
Oktay Saral oktyabrın 12-də sosial şəbəkədə Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırıldığını iddia edərək buna etiraz etmişdi.
“Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir. Təhsil hüququ heç bir ideoloji məcburiyyətə qurban verilə bilməz”, – deyə o paylaşımında bildirmişdi.
Türkiyədən bu mövzuda səsləndirilən açıqlamalara sərt reaksiya verən Bakı rəhbərliyinin isə aralarında Yenidən Rifah Partiyasının sədri Fatih Ərbəkan və DEM Partiyasının deputatı Ömər Faruk Gergerlioğlunun da olduğu 31 nəfərin Azərbaycana girişini qadağan etdiyi bildirilir.
Saralın istefasının məhz bu açıqlama ilə birbaşa əlaqəli olub-olmadığı barədə isə onun paylaşımında konkret məlumat verilməyib.

