96 yaşlı milyarderin 48 illik vərdişi təəccübləndirdi
Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən yarım əsrdir su içmədiyini açıqlayıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, 96 yaşlı milyarderin su əvəzinə gün ərzində hansı içkilərə üstünlük verdiyi barədə məlumatı digər milyarder Bill Ekman bölüşüb.
Bill Ekman “Equity Mates Investing” podkastında qonaq olarkən illər əvvəl Uorren Baffettlə birlikdə iştirak etdiyi şam yeməyindən danışıb. Onun sözlərinə görə, Baffettdən adi, yoxsa qazlı su istədiyini soruşub. Lakin investor sudan imtina edərək qazlı şirin içkilərə üstünlük verdiyini bildirib.
Ekman Baffettdən su içib-içmədiyini soruşduqda milyarder belə cavab verib: “Bill, mən 48 ildir su içmirəm”.
İngilis yazıçısı Qlen Arnoldun Uorren Baffett haqqında qələmə aldığı kitabda da investorun hər gün beş banka “Coca-Cola”, xüsusilə “Cherry Coke” içdiyi qeyd olunur.
Baffett 2015-ci ildə “Fortune” jurnalına müsahibəsində gündəlik kalori qəbulunun əhəmiyyətli hissəsinin bu içkinin payına düşdüyünü bildirmişdi:
“Gündə 2700 kalori qəbul edirəmsə, bunun dörddə biri “Coca-Cola”dır. Hər gün azı beş dəfə 350 millilitrlik porsiya içirəm”.
Maraqlıdır ki, milyarder gənclik illərində təxminən 50 il ərzində “Pepsi”yə üstünlük verib. Oğlu Hovardın uşaqlıq dostu Cim Ross xatırlayıb ki, Baffett gecələr evdə “Pepsi” içərmiş. Hətta bu vərdişinə görə oğlu vaxtilə ona “Pepsi Uorren” ləqəbi verib.
Lakin 1986-cı ildə keçirilən “Berkshire Hathaway” şirkətinin illik toplantısında Baffett “Pepsi”dən imtina etdiyini və şirkətin rəsmi içkisi kimi “Cherry Coke”u seçdiyini elan edib.

