Azərbaycan Prezidenti İlham Əliyev “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilən AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Xəbər Yerində Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.
Dövlət başçısı forum iştirakçılarını salamlayaraq onların Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
İlham Əliyev qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Asiya qitəsinin 90 faizini əhatə edən və 28 ölkəni birləşdirən mühüm dialoq platformasıdır. Onun sözlərinə görə, təşkilat regionda sülh, təhlükəsizlik və sabitliyə töhfə verməklə yanaşı, üzv dövlətlər arasında qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Prezident Azərbaycanın son iki il ərzində AQEM-ə sədrliyi dövründə təşkilatın institusional imkanlarının gücləndirilməsi, praktiki əməkdaşlığın genişləndirilməsi və beynəlxalq münasibətlər sistemində rolunun artırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.
İlk AQEM Media Forumu Bakıda keçirilir
Dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkil olunmasını xüsusi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirib.
İlham Əliyev bildirib ki, media artıq yalnız informasiya mübadiləsi vasitəsi deyil, ictimai diplomatiyanın, qarşılıqlı anlaşmanın və regional əməkdaşlığın mühüm alətidir.
Prezident Azərbaycanın AQEM çərçivəsində media və kommunikasiya sahəsinin inkişafına, üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, eləcə də informasiya mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb.
“Dezinformasiya ictimai etimada birbaşa təsir göstərir”
İlham Əliyev müasir dövrdə geosiyasi reallıqların, təhlükəsizlik çağırışlarının və media sahəsindəki dəyişikliklərin informasiya mühitinə ciddi təsir etdiyini qeyd edib.
Onun sözlərinə görə, rəqəmsal dövrdə yayılan istənilən məlumat cəmiyyətlərarası və dövlətlərarası münasibətlərə təsir göstərə bilər.
Prezident dezinformasiyanın geniş yayılmasının, həmçinin süni intellekt texnologiyalarından sui-istifadə yolu ilə saxta informasiya və materialların hazırlanmasının ictimai etimada birbaşa təsir etdiyini bildirib.
O, sosial media və rəqəmsal platformaların rolunun artması fonunda medianın hesabatlılığı və məsuliyyətinin də yüksəldiyini diqqətə çatdırıb.
İlham Əliyev etibarlı məlumatın yalnız peşəkar jurnalistikanın deyil, bütövlükdə informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan dövlət qurumları, media subyektləri, rəqəmsal platformalar, jurnalistlər, tədqiqatçılar və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsini mühüm amil kimi qeyd edib.
Prezident AQEM Media Forumunun media sahəsində əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı forumun iştirakçılarına uğurlar və səmərəli müzakirələr arzulayıb.

