Sabiq baş konsul məhkəmə qarşısında: 190 min manatlıq ittiham

Sabiq baş konsul məhkəmə qarşısında: 190 min manatlıq ittiham

Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Sultan Qasımov külli miqdarda dələduzluqda ittiham olunur. O, hazırda həbsdə deyil və barəsində alternativ qətimkan tədbiri seçilib.

Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmayıb. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah olunub.

Vəkili işin prokurora qaytarılmasını istədi

Sultan Qasımovun vəkili məhkəməyə vəsatət təqdim edərək cinayət işinin prokurora qaytarılmasını istəyib.

Müdafiəçi tələbinə əsas kimi müvəkkilinin istintaq zamanı müdafiə hüququnun pozulduğunu göstərib.

Zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Ağalar Quliyev isə Sultan Qasımov barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilərək onun həbs edilməsini tələb edib.

Vəkilin sözlərinə görə, onun müdafiə etdiyi Rusiya vətəndaşına təxminən 190 min manat ziyan vurulub və həmin məbləğdən indiyədək bir manat belə ödənilməyib.

Sultan Qasımovu zərərçəkmiş şəxslə qardaşı tanış edib

Əldə edilən məlumata görə, Sultan Qasımov sözügedən zərərçəkmiş şəxslə qardaşı Mehman Qasımov vasitəsilə tanış olub.

Mehman Qasımov ötən ilədək Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Cinayət işi üzrə digər zərərçəkmiş şəxsin isə Azərbaycan vətəndaşı olduğu bildirilir.

Hindistanda saxlanılan şəxsə işi həll etməyi vəd edib

Məlumata görə, həmin şəxs bir neçə il əvvəl Hindistanda qızıl-zinət əşyaları ilə bağlı saxlanılıb.

İttihama əsasən, Sultan Qasımov ondan işi həll edəcəyini vəd edərək 5 min manat alıb.

Firdovsi Əliyevin sədrlik etdiyi məhkəmə kollegiyası qısa müşavirədən sonra tərəflərin təqdim etdiyi vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə Sultan Qasımov barəsində seçilmiş qətimkan tədbirini dəyişməyib və cinayət işini məhkəmə baxışına verib. İş üzrə əsas məhkəmə iclası oktyabrın 13-nə təyin olunub.

Sabiq baş konsul 15 il diplomatik vəzifələrdə çalışıb

Qeyd edək ki, Sultan Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərindəki baş konsulu vəzifələrində çalışıb.

O, Prezidentin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir