İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

President.az-ın məlumatına görə, görüş zamanı səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Səfir Azərbaycan dilində danışdı

Ettienn Berxtold etimadnaməsini təqdim edərkən Azərbaycan dilində Prezidentə müraciət edib:

“Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Səfir diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümid etdiyini bildirib. Prezident İlham Əliyev isə səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Dövlət başçısı Azərbaycanla Avstriya arasında siyasi dialoqun, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayələrin, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

İlham Əliyev Azərbaycanda uzun illərdir Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edərək, perspektivdə onların sayının artırılmasının vacibliyinə toxunub.

Prezident iki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən etibarən əlaqələrin qarşılıqlı hörmət əsasında inkişaf etdiyini vurğulayıb və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Ettienn Berxtold isə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərin inkişafındakı rolundan danışılıb.

Həmçinin Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə də qeyd edilib. Bu çərçivədə cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir