İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib

İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA prezidenti Canni İnfantino ilə görüşüb.

Dövlət başçısı dünyada və Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı istiqamətində görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

Qarşıdakı dünya çempionatlarına hazırlıq müzakirə olunub

Prezident İlham Əliyev gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını diqqətə çatdırıb.

Dövlət başçısı, həmçinin 2027-ci ildə ölkəmizdə təşkil olunacaq 20 yaşadək kişi futbolçular arasında FIFA U-20 Dünya Çempionatına hazırlıq prosesinin də davam etdiyini qeyd edib.

İlham Əliyev Azərbaycanın bu mühüm idman tədbirlərində iştirakının əhəmiyyətini vurğulayıb. Prezident bütün bunların ümumilikdə regionda futbolun inkişafına da müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib.

İnfantino Azərbaycanda keçiriləcək turnirin əhəmiyyətindən danışıb

Canni İnfantino görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

FIFA prezidenti ilk dəfə Azərbaycanda təşkil olunacaq 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının əhəmiyyətinə toxunub. O, bu yarışın dünya idman ictimaiyyətinin diqqətini Azərbaycana yönəldəcəyini bildirib.

FIFA ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Görüş zamanı Azərbaycanda futbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlər və son dövrdə bu sahədə əldə olunan nəticələr barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın formalaşdığı vurğulanıb və tərəfdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Söhbət əsnasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə göstərdiyi dəstək də məmnunluqla qeyd edilib.

Görüşün sonunda Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir