Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikini qəbul edib.
Xəbər Yerində AzNews.az-a istinadən xəbər verir ki, görüşdə ICESCO-nun baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlət başçısını təbrik edib.
Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumdakı çıxışının böyük maraq doğurduğunu vurğulayıb. O, xüsusilə dünyada münaqişələrin davam etdiyi bir vaxtda dövlətlərin müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə müraciət etməsinin vacibliyini qeyd edib.
ICESCO-nun baş direktoru, həmçinin dövlətlərin daxili işlərinə qarışmamaq prinsipi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin müasir beynəlxalq münasibətlər baxımından xüsusi aktuallıq daşıdığını bildirib.
Azərbaycanın ICESCO-ya dəstəyi yüksək qiymətləndirilib
Salim bin Məhəmməd əl-Maliki təşkilatın fəaliyyətinə göstərdiyi davamlı dəstəyə və könüllü maliyyə töhfələrinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
O, ICESCO-nun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edərək Azərbaycanın təşkilata üzv olan müsəlman ölkələrində təhsilin inkişafına yönəlmiş layihələrə verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
Baş direktor bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə əməkdaşlığı xüsusi qeyd edib. Onun dəstəyi ilə müsəlman ölkələrində həyata keçirilən humanitar və təhsil layihələrinin əhəmiyyətinə toxunub.
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsini dəstəkləyir
Prezident İlham Əliyev Azərbaycan ilə ICESCO arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Dövlət başçısı Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində daim səylər göstərdiyini bildirib.
Gələn il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyini və təşkilata sədrlik edəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin bundan sonra da həm İslam Əməkdaşlıq Təşkilatının, həm də ICESCO-nun fəaliyyətinə dəstəyini davam etdirəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ICESCO arasında əməkdaşlığın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

