İlham Əliyevin iştirakı ilə Mingəçevirdə tekstil müəssisəsinin təməli qoyulub- Video

İlham Əliyevin iştirakı ilə Mingəçevirdə tekstil müəssisəsinin təməli qoyulub- Video

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi çərçivəsində istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Prezident İlham Əliyev, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və “Global Textile Group”un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basıblar.

Mingəçevirdə tekstil klasteri yaradılır

Ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilmiş “Textile Horizon” MMC-nin təsisçiləri “Azərşəkər” MMC, “Global Textile” LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondu olub.

Layihə çərçivəsində pambıq əkinindən başlayaraq mahlıc, iplik, parça və hazır tekstil məhsullarının istehsalı nəzərdə tutulur.

Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsal ediləcəyi planlaşdırılır.

Məhsulların həm daxili bazara çıxarılması, həm də ixracı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentləri üçün nəzərdə tutulan vergi və gömrük güzəştlərindən yararlanacaq.

Laçında “Minkənd” Kiçik Su Elektrik Stansiyası açılıb

Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə Laçın rayonunda “Minkənd” Kiçik Su Elektrik Stansiyasının da açılışı keçirilib.

İlham Əliyev və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basıblar.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bu çərçivədə Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı nəzərdə tutulub.

“Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saatdır. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında inşa olunub.

Layihəyə 53,2 milyon manat investisiya qoyulacaq

Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir.

53,2 milyon manat ümumi dəyərə malik layihəyə “Minkənd”, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları daxildir.

Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Stansiyaların istismar müddəti 30 il təşkil edir.

Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 44,1 milyon kVt/saat olacaq.

Layihəyə işğaldan azad edilmiş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib. Həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit ayrılıb.

Layihə üzrə fəaliyyət göstərən “Green Karabakh Energy” MMC-də “Demirören Holdinq” və Azərbaycan Biznesinin İnkişafı Fondunun iştirak payı var.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir