Dünya futbolunun ulduzu Kriştianu Ronaldo ilə uzun illərdir birlikdə olduğu Corcina Rodriqesin toy hazırlıqlarına başladığı iddia olunur.
“The Sun” nəşrinin yaydığı məlumata görə, cütlüyün nikah mərasiminin əvvəlcə Portuqaliyanın Madeira adasının paytaxtı Funşaldakı tarixi Katedralda keçiriləcəyi, daha sonra isə beşulduzlu Savoy Palace Hoteldə möhtəşəm ziyafətin təşkil olunacağı bildirilir.
İddiaları gücləndirən əsas məqamlardan biri də lüks oteldə qalan qonaqlara göndərilən bildiriş olub. Məlumata əsasən, cümə və şənbə günləri otelin iki mərtəbəsi, eləcə də bir neçə bar sahəsi xüsusi tədbir səbəbindən bağlanacaq. Bu isə ciddi təhlükəsizlik tədbirləri ilə keçiriləcək yüksək səviyyəli tədbirin məhz Ronaldonun toyu ola biləcəyi barədə şayiələri artırıb.
Madeira Ronaldonun həyatı üçün xüsusi əhəmiyyət daşıyır. Məşhur futbolçu məhz Funşalda anadan olub, uşaqlıq illərini burada keçirib və peşəkar futbol karyerasına ilk addımlarını da bu adada atıb.
Portuqaliya mətbuatı daha əvvəl Ronaldonun və Corcina Rodriqesin 2026-cı il dünya çempionatından sonra Madeirada evlənməyi planlaşdırdıqlarını yazmışdı. Həmin xəbərlərdə toy məkanı kimi Funşal Katedralı və adanın lüks hotellərindən birinin seçildiyi qeyd olunurdu.
Kriştianu Ronaldo və Corcina Rodriqes 2016-cı ildə Madriddə tanış olduqdan sonra münasibətə başlayıblar. Onlar futbol dünyasının ən məşhur cütlüklərindən biri hesab olunur.
Cütlüyün nişanlandığı isə 2025-ci ilin avqustunda Corgina Rodriqesin sosial şəbəkə hesabında brilyant üzüyünü nümayiş etdirməsi ilə təsdiqlənmişdi. Ronaldo daha sonra açıqlamışdı ki, evlilik təklifi etməsi üçün onu qızları həvəsləndirib.
Hazırda cütlük birlikdə beş uşaq böyüdür.

