İnfantino Bakıda keçirilən turniri FIFA tarixinin ən uğurlu layihəsi adlandırdı

İnfantino Bakıda keçirilən turniri FIFA tarixinin ən uğurlu layihəsi adlandırdı

Xəbər Yerində Report-a istinadən xəbər verir ki, FIFA prezidenti Canni İnfantino Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalını son 120 ildə qurumun həyata keçirdiyi ən uğurlu layihə hesab edir.

O, FIFA-nın mətbuat xidmətinə açıqlamasında 189 ölkənin iştirak etdiyi turnirin unudulmaz təcrübə olduğunu bildirib.

“Bütün 211 ölkə dəvət olunmuşdu, onlardan 189-u Bakıya gələrək yarışda iştirak etmək qərarına gəldi. Onların hamısı unudulmaz anlar yaşadılar. Futbol hər kəs üçündür. Bütün istedadlar dünya çempionatında oynaya bilməlidir. Ölkənin böyük və ya kiçik, varlı və ya kasıb, uzaq və ya yaxın olması vacib deyil. Hər kəs bu şansa layiqdir”, – deyə o qeyd edib.

FIFA rəhbəri komandaların eyni şəhərcikdə yerləşdirilməsinin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, fərqli ölkələrdən gələn yeniyetmə futbolçular dil bilməsələr də, bir-biri ilə ünsiyyət qurmağı bacarıblar.

“Bütün iştirakçılar eyni şəhərcikdə qalırdılar. Mən də orada idim və onlarla həmsöhbət oldum. 14-15 yaşlı oğlanlar ətrafına sevinc və sevgi paylayırdılar. Bu təcrübəni bütün həyatları boyu özləri ilə daşıyacaqlar. FIFA nöqteyi-nəzərindən son dərəcə xoşbəxtəm. Düşünürəm ki, bu, son 120 ildə FIFA-nın gördüyü ən yaxşı işdir”, – İnfantino bildirib.

Qeyd edək ki, Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalının finalında İspaniya millisi Çexiyanı 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir