Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana keçməyə çalışan sərhəd pozucusu zərərsizləşdirilib.
DSX-nin Mətbuat Mərkəzinin məlumatına görə, dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı sərhəd pozucularının İran istiqamətindən Azərbaycan tərəfə hərəkət etdiyini müşahidə edib.
Bundan sonra sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, ərazi qapadılıb və sərhəd pozuntusunun qarşısının alınması üçün tədbirlər görülüb.
Sərhədçilər sərhəd pozucularına “Dayan” əmri verərək onları təqib edib, eyni zamanda havaya xəbərdarlıq atəşi açıblar.
Sərhədçilərə silahlı müqavimət göstərib
DSX-nin məlumatında bildirilib ki, əmrlərə tabe olmayan sərhəd pozucusu silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədilə onlara atəş açıb.
Şəxsin saxlanılması məqsədilə “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq edilib və sərhəd pozucusu zərərsizləşdirilib.
Baş vermiş hadisə ilə bağlı sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.
Fakt üzrə cinayət işi başlanılıb. Hazırda Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən birgə zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

