İstanbulda 7 mərtəbəli yaşayış binası çökdü – FOTO

İstanbulda 7 mərtəbəli yaşayış binası çökdü – FOTO

“Xəbər Yerində” TRT Haber-ə istinadən xəbər verir ki, İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli yaşayış binasının ilk 3 mərtəbəsi qismən çöküb.

Hadisə səhər saat 05:40 radələrində Doğu küçəsində baş verib. Məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, AFAD, UMKE, polis və tibbi yardım qrupları göndərilib.

Binada 33 nəfər qeydiyyatdadır

Rəsmi məlumatlara əsasən, binada hər mərtəbədə iki olmaqla ümumilikdə 12 mənzil var və burada 33 nəfər qeydiyyatda göstərilir. Lakin çökmə zamanı binada faktiki olaraq neçə nəfərin olduğu hələ tam müəyyənləşdirilməyib.

Binanın çökmə nəticəsində ilk üç mərtəbəsinin zərər gördüyü, yuxarı mərtəbələrdə olan şəxslərin isə axtarış-xilasetmə əməkdaşlarının müdaxiləsi ilə təxliyə edildiyi bildirilir.

Binanın giriş mərtəbəsinin emalatxana kimi istifadə olunduğu və hadisə baş verən zaman orada heç kimin olmadığı müəyyən edilib.

Dağıntı altında 7 nəfər var

İstanbul valisi Davud Gül hadisə yerində jurnalistlərə açıqlamasında bildirib ki, bina 1987-ci ildə tikilib. Onun sözlərinə görə, zərər görən 4 mənzildə rəsmi olaraq 14 nəfər qeydiyyatdadır.

Həmin şəxslərdən 2-nin yaşadıqları şəhərdə olmadığı müəyyənləşib, 5 nəfər isə xilas edilib. Hazırda dağıntılar altında 7 nəfərin olduğu bildirilir.

Valinin sözlərinə görə, həmin 7 nəfərdən 4-ü ilə əlaqə saxlamaq mümkün olub. Qalan 3 nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.

14 yaşlı uşaq sağ çıxarılıb

Xilasetmə əməliyyatı zamanı 14 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb. Onun həyati təhlükəsinin olmadığı açıqlanıb.

Təxliyə edilən digər şəxslər arasında da həyati təhlükəsi olan şəxsin olmadığı bildirilib.

Prokurorluq araşdırmaya başlayıb

Hadisə ilə bağlı Anadolu Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanılıb.

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum bildirib ki, dövlətin bütün qurumları və imkanları hadisə yerindədir. O, dağıntılar altında qalan şəxslərə ən qısa zamanda çatmaq üçün bütün ehtimalların nəzərə alındığını və axtarış-xilasetmə tədbirlərinin fasiləsiz davam etdirildiyini deyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir