“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş Məmmədli İlham Qüdrət oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
İstintaq zamanı İlham Məmmədlinin sözügedən vəzifədə işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi müəyyənləşdirilib.
Saxta arayışlar tərtib edilib
İlkin araşdırma ilə müəyyən edilib ki, ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” Publik Hüquqi Şəxsdə mühəndis vəzifəsində çalışan Mirhəmdulla Əmirovun təhriki ilə İlham Məmmədli həmin şəxsin işlədiyi mərkəzdə iş yerindən yayınması məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib edib.
İlham Məmmədlinin həmin arayışları 2025-2026-cı illərdə Mirhəmdulla Əmirova təqdim etdiyi və bunun nəticəsində sonuncuya əsassız olaraq əmək haqqı ödənilməsinə nail olduğu müəyyən edilib.
Hər iki şəxsə ittiham elan edildi
Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.
Mirhəmdulla Əmirova isə Cinayət Məcəlləsinin 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
Hər iki şəxs barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərildi
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

