Türkiyənin Nevşəhər vilayətinin Kapadokiya bölgəsində faciə baş verib. Göreme Açıq Hava Muzeyinin girişində yerləşən “Pəri bacası” adlanan qaya formasiyasının uçması nəticəsində üç nəfər həyatını itirib, beş nəfər yaralanıb.
“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisədən sonra əraziyə tibbi və axtarış-xilasetmə qrupları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, onların müalicəsi davam etdirilir.


Həlak olanlardan ikisi ər-arvad olub
Son məlumatlara görə, uçqun nəticəsində həyatını itirən üç nəfərdən ikisi Türkiyə vətəndaşı, biri isə Fransa vətəndaşıdır.
Həlak olan Türkiyə vətəndaşlarının 31 yaşlı jurnalist Fatih Eray Tuna və həyat yoldaşı Begüm Çetinkaya Tuna olduğu bildirilir. Cütlük istirahət məqsədilə əraziyə gedibmiş.
Məlumata görə, onlar bu ilin iyul ayında ailə həyatı qurublar.
Hadisə zamanı üç Fransa vətəndaşı və iki türkəsilli şəxs də xəsarət alıb. Yaralıların xəstəxanada müalicəsi davam etdirilir.

