Xəbər Yerində “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Xətai rayonunun NZS qəsəbəsində yerləşən Zakir Yusifov küçəsində yolun yenidən çökməsi narazılığa səbəb olub.
Sakinlərin sözlərinə görə, sözügedən küçədə yol təxminən bir il ərzində 3-4 dəfə təmir edilib. Buna baxmayaraq, asfalt örtüyünün yenilənməsindən qısa müddət sonra ərazidə yenidən çökmələr və problemlər yaranıb.
Yeni asfalt da tab gətirmədi
Ərazidə aparılan son təmirin təxminən bir il əvvəl həyata keçirildiyi bildirilir. Yolun üzərində asfalt qatının yeni çəkildiyini göstərən izlər hələ də aydın görünür.
Lakin təmir işlərinə baxmayaraq, Zakir Yusifov küçəsində yolun vəziyyəti yenidən pisləşib. Sakinlər hesab edirlər ki, problemin əsas səbəbi kanalizasiya sistemindəki nasazlıqla bağlıdır.
Sürücülər də çətinlik çəkir
Yolun çökməsi burada hərəkət edən sürücülər üçün də ciddi narahatlıq yaradıb. Sürücülər bildirirlər ki, yolun hazırkı vəziyyəti nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur və ərazidən keçidi çətinləşdirir.
Qurumdan AÇIQLAMA
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, Zakir Yusifov küçəsində tullantı su xəttində qəza qeydə alınıb.
Qurumun məlumatına görə, qəzanın aradan qaldırılması üçün ərazidə qazıntı işləri aparılıb. Tullantı su xəttində təmir işləri başa çatdırıldıqdan sonra yolun asfalt örtüyünün də bərpa olunacağı bildirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterial təqdim olunub.

