Mehriban Əliyeva və ailə üzvləri “Zikra: xatirələr gecəsi” tamaşasına baxıblar – FOTO

Mehriban Əliyeva və ailə üzvləri “Zikra: xatirələr gecəsi” tamaşasına baxıblar – FOTO

Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri səhnə əsərini izləyiblər.

Məşhur rejissorun yeni yaradıcılıq işi

Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən, müasir incəsənətə həsr olunmuş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatların laureatı, rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.

Əkrəm Xan layihədə müasir rəqsin və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirib. O, tamaşanın hazırlanmasında vizual rejissor Mənal Əl-Dovayanla əməkdaşlıq edib.

Keçmişlə bu gün arasında mənəvi bağ

Tamaşanın süjetinə əsasən, qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşır, keçmişlə bu günü birləşdirir və mənəvi yenilənmə aktını həyata keçirirlər.

Səhnə əsərinin orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib.

Tamaşanın vizual dünyası Əl-Ula irsindən qaynaqlanır

Tamaşanın vizual tərtibatı “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən hazırlanıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.

“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın mədəni irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını ön plana çıxarır.

Qeyd edək ki, səhnə əsəri Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq ərsəyə gətirilib. Tamaşanın məhz bu məkan üçün hazırlanmış dünya premyerası 2025-ci ilin yanvarında baş tutub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir