Mehriban Xanlarova nazirlikdə əsəbiləşdi – Qapını çırpıb getdiyi iddia olunur-FOTO

Mehriban Xanlarova nazirlikdə əsəbiləşdi – Qapını çırpıb getdiyi iddia olunur-FOTO

Xəbər Yerində xəbər verir ki, Əməkdar artist Mehriban Xanlarovanın yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə bərpa olunması ilə bağlı Dövlət Başçısına müraciət etdiyi açıqlanıb.

Sosial şəbəkələrdə yayılan müraciətdə M.Xanlarova daha əvvəl öz ərizəsi ilə işdən ayrıldığını bildirib və yenidən vəzifəsinə qaytarılması üçün Dövlət Başçısından kömək istəyib.

Teatr rəhbərliyindən açıqlama

Məsələ ilə bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Manset.az-a açıqlama verib.

Teatrın açıqlamasında qeyd olunub ki, Akademik Milli Dram Teatrı bir çox sənətkar üçün yalnız əmək fəaliyyəti göstərilən məkan deyil. Bildirilib ki, bu səhnə sənət adamlarının yaradıcılıq yolunun formalaşdığı, mühüm xatirələrin, uğurların və sənətə bağlılığın yaşandığı doğma məkandır.

Uzun müddət həmin səhnədə fəaliyyət göstərən Mehriban Xanlarovanın teatra mənəvi bağlılığının və sənət ocağına xüsusi münasibətinin anlayışla qarşılandığı vurğulanıb.

Teatrın məlumatına görə, M.Xanlarova ilk olaraq yenidən işlə təmin olunması üçün müraciət edib. Onun müraciəti nəzərə alınaraq, peşə fəaliyyətini davam etdirməsi üçün digər dövlət teatrlarında iş imkanları təqdim olunub.

Bundan başqa, Mədəniyyət Nazirliyinin “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlar üçün ödənişli əsaslarla ustad dərsləri keçməsi də təklif edilib.

Lakin Mehriban Xanlarova yalnız Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmaq istədiyini bildirib və ona təqdim olunan alternativ variantlardan imtina edib.

Teatrda hazırda vakant ştat yoxdur

Teatr rəhbərliyinin açıqlamasında bildirilib ki, sonuncu dəfə işə bərpa olunması ilə bağlı müraciət etdikdə M.Xanlarovaya əmək münasibətlərinə xitam verilməsinin məhz onun öz yazılı ərizəsi əsasında həyata keçirildiyi izah olunub.

Həmçinin qeyd edilib ki, hazırda Akademik Milli Dram Teatrında onun üçün uyğun vakant ştat mövcud deyil.

Digər dövlət teatrlarında fəaliyyətini davam etdirməsi ilə bağlı təklifin isə M.Xanlarova tərəfindən qəbul edilmədiyi bildirilib.

Aktyorların yalnız ştatla işləməsi məcburi deyil

Teatr rəhbərliyi eyni zamanda vurğulayıb ki, mövcud teatr təcrübəsində aktyorların yaradıcılıq fəaliyyətinin yalnız daimi ştat vahidi ilə məhdudlaşdırılması kimi bir tələb yoxdur.

Açıqlamaya əsasən, aktyor konkret tamaşa və ya layihədə iştirak etmək üçün hər hansı teatrla müqavilə bağlaya və həmin tamaşaya uyğun olaraq müxtəlif səhnələrdə çıxış edə bilər.

Başqa sözlə, müəyyən rol və pyesə uyğun gələn aktyorun müxtəlif teatrların yaradıcılıq layihələrinə cəlb olunması və tamaşalarda iştirakı üçün imkanlar mövcuddur.

Teatr tərəfindən bildirilib ki, gələcəkdə yaradıcılıq planları, repertuar siyasəti və konkret tamaşa layihələri nəzərə alınmaqla, zərurət yarandığı və bədii ehtiyac olduğu halda Mehriban Xanlarovanın Akademik Milli Dram Teatrının ayrı-ayrı layihələrinə müxtəlif formalarda cəlb olunması məsələsinə də baxıla bilər.

May ayında nazirlikdə görüş keçirildiyi bildirilir

Mehriban Xanlarova may ayında Mədəniyyət Nazirliyində nazir müavini və sektor müdiri ilə görüşdə iştirak edib.

Məlumata görə, həmin görüş zamanı da aktrisa Akademik Milli Dram Teatrında yenidən işə qəbul olunması ilə bağlı müraciət edib.

İddia olunur ki, ona öz ərizəsi əsasında işdən ayrıldığı və əvvəlki vəzifə üzrə vakansiyanın artıq tutulduğu bildirilib. Bununla yanaşı, başqa bir teatrda vəzifə təklif edildiyi qeyd olunur.

Mənbənin iddiasına əsasən, M.Xanlarova təkliflə razılaşmayıb və görüş zamanı nazir müavini ilə sektor müdirinə qarşı təhdidedici ifadələr işlədib. Həmçinin onun otaqdan çıxarkən qapını nazir müavininin üzünə çırpdığı iddia edilir.

Yeni müraciət suallar yaradıb

Mənbənin yaydığı məlumatda bildirilir ki, bütün bu hadisələrdən sonra Mehriban Xanlarova ona təklif olunan vəzifə ilə razılaşmayıb və yenidən işə bərpa olunması ilə bağlı müraciət edib.

Məqalədə onun daha əvvəl təklif olunan vəzifəni və yüksək ödəniş imkanlarını niyə qəbul etmədiyi ilə bağlı suallar səsləndirilir.

Həmçinin vurğulanır ki, sənətçinin əsas məqsədi peşə fəaliyyətini davam etdirmək və teatr səhnəsində çıxış etməkdirsə, bunun digər teatrlarda da mümkün olduğu qeyd edilir.

Bu baxımdan, M.Xanlarovanın digər teatrda işləmək təklifini qəbul etməməsi və daha sonra yenidən müraciət etməsinin səbəbləri ilə bağlı müxtəlif suallar ortaya çıxır.

Əvvəlki açıqlaması ilə son müraciəti arasında fərq

Qeyd edək ki, Əməkdar artist Mehriban Xanlarova daha əvvəl Akademik Milli Dram Teatrında bədii rəhbərlə yaşadığı fikir ayrılıqları və qalmaqallardan sonra öz ərizəsi ilə istefa verdiyini və işdən ayrıldığını açıqlamışdı.

Lakin onun hazırkı müraciətində fərqli mövqe ifadə etdiyi bildirilir. Belə ki, bu dəfə M.Xanlarova ərizəni öz istəyi ilə yazmadığını, əksinə, ona zorla ərizə yazdırılaraq işdən çıxarıldığını bildirib.

Beləliklə, sənətçinin əvvəlki açıqlaması ilə hazırkı müraciətində işdən ayrılma səbəbi ilə bağlı fərqli ifadələrin yer aldığı diqqət çəkir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir