Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.
Xəbər Yerində “Lent.az”a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Qəzənfər Abdullayevin istefa ərizəsinə baxacaq.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından da fakt təsdiqlənib. Bildirilib ki, Abdullayev səhhətində yaranmış problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.
Qəzənfər Abdullayev kimdir?
Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub.
O, 1989-1998-ci illərdə Bənəniyar kəndində orta təhsil alıb, daha sonra Naxçıvan şəhərində Nəsirəddin Tusi adına 9 nömrəli orta məktəbin X-XI siniflərində təhsilini davam etdirib.
2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsində “Mühasibat uçotu və audit” ixtisası üzrə ali təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə hərbi xidmət keçib.
Əmək fəaliyyətinə gözətçi kimi başlayıb
Abdullayev əmək fəaliyyətinə 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də gözətçi kimi başlayıb.
2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib vəzifəsində çalışıb.
2010-2023-cü illərdə isə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Maliyyə-Təsərrüfat şöbəsinin müdiri olub.
2023-cü ilin martından may ayınadək Şurada katib və Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Üç il əvvəl Şura sədrliyinə seçilib
Qəzənfər Abdullayev 18 may 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri seçilib.
Həmin ilin iyulun 31-də Naxçıvan Futbol Federasiyasının prezidenti seçilib. Sentyabrın 28-də isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini vəzifəsinə gətirilib.
2021-ci ildə “Həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.
Ali Məclisin deputatıdır
Qəzənfər Abdullayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. O, 39 saylı Bənəniyar seçki dairəsi üzrə deputat seçilib. Ali Məclisin rəsmi sənədlərində onun adı Qəzənfər İsmayıl oğlu Abdullayev kimi göstərilir.
İstefa xəbəri mətbuatda mülkləri ilə bağlı yazılardan sonra yayıldı
Qeyd edək ki, son günlər mətbuatda Qəzənfər Abdullayevin fəaliyyəti və milyonlarla manat dəyərində olduğu iddia edilən mülkləri ilə bağlı yazılar dərc olunub.
Onun istefasının səbəbi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının açıqlamasında isə səhhətində yaranmış problemlər göstərilib. Konfederasiya onun istefa ərizəsinə oktyabrın 8-də baxacaq.
Qəzənfər Abdullayev ailəlidir və iki övladı var.

