Xəbər Yerində Axşam.az-a istinadən xəbər verir ki, Xalq artisti Murad Dadaşov ötən il vəfat edən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb.
“Sabahın xeyir, Azərbaycan” proqramına danışan sənətçi Cabirlə bağlı xatirələrindən söz açıb və onun vəfatının həyatında böyük sarsıntı yaratdığını bildirib.
“Mən Cabirlə vidalaşmamışam”
Murad Dadaşov Cabirin ölümündən sonra yaşadığı hissləri belə ifadə edib:
“Onunla bağlı yadda qalan ən böyük xatirə onun dünyadan getməsi oldu. Məni son illərdə silkələyən, daxili partlayışa səbəb olan ikinci belə hadisə olmayıb.
Mən Cabirlə vidalaşmamışam, onu hələ yola salmamışam. Qəbirüstünə getməmişəm. Getsəm, barışacağam ki, Cabir yoxdur. Valideynlərinin qarşısına çıxmağa cəsarətim yoxdur. Nə deyəcəyəm? “Cabir yoxdur, mən varam?”. “Allah rəhmət eləsin” deyəcəyəm? O, mənim tərəfimdən deyiləsi sözdürmü?”
“Cabirə çox ehtiyacım var”
Xalq artisti dostu ilə gündəlik ünsiyyətinin onun üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
“Cabirə çox ehtiyacım var. Çünki maraqlı, gülməli nəsə görəndə mən ona, o da mənə ötürürdü. Hər səhər biz yuxudan oyananda danışırdıq”.

