Fransada məktəb direktoru ov tüfəngi ilə vuruldu – 14 yaşlı yeniyetmə saxlanıldı
Fransanın cənub-şərqində məktəb direktoru ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.
Xəbər Yerində “Oxu.Az”-a istinadən xəbər verir ki, hadisə Oban şəhərində baş verib.
Məlumata görə, Jozef-Lakanal kollecinin direktoru ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Hadisə zamanı 37 yaşlı qadın müəllim də yaralanıb.
Hadisə ilə əlaqədar 14 yaşlı yeniyetmə saxlanılıb. Lakin onun sözügedən təhsil müəssisəsinin şagirdi olub-olmadığı dəqiqləşdirilməyib.
BFMTV-nin məlumatına görə, atəş açmaqda şübhəli bilinən şəxsin son həftələrdə Fransanı bürüyən etiraz hərəkatı ilə əlaqəsi yoxdur.
Fransada təhsil sahəsində etirazlar
Qeyd edək ki, Fransada təhsil sahəsindəki problemlərlə bağlı kütləvi aksiyalar keçirilir. Son məlumatlara əsasən, ölkə üzrə 6 min 800-dən çox insan saxlanılıb. Saxlanılanların əksəriyyətinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.
Nümayişlər zamanı məktəblərin yandırıldığı və təhsil müəssisələrində iğtişaşlar törədildiyi qeyd olunur.
Bundan əvvəl Nor-Pa-de-Kale departamentinin Oşel şəhərində yerləşən Derüjye peşə liseyinin direktoru da petardanın partlaması nəticəsində əlindən xəsarət alıb.
İğtişaşlar zamanı təhsil müəssisələrinin 100-dən çox əməkdaşının zərər çəkdiyi bildirilir.

