Xəbər Yerində Lent.az-a istinadən xəbər verir ki, məscidlər insanların ibadət və mənəvi rahatlıq üçün üz tutduğu məkanlar olsa da, Azərbaycanda müxtəlif illərdə burada oğurluq hadisələri də qeydə alınıb.
İbadət zamanı insanlar telefon, pul kisəsi və digər şəxsi əşyalarını kənara qoyur, nəzir qutularına pul atırlar. Bu isə bəzi hallarda oğrular üçün fürsət yaradır.
Nəzir qutusundan 13 min manatdan çox pul oğurlanıb
Ən diqqətçəkən hadisələrdən biri 2023-cü ildə Bakının Yasamal rayonunda baş verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Araşdırma nəticəsində şübhəli şəxs saxlanılıb.
Müəyyən edilib ki, oğurlanan ianə qutularında ümumilikdə 13 min manatdan artıq pul olub. Saxlanılan şəxsin əvvəllər də dəfələrlə məhkum edildiyi bildirilib.
Məsciddən 90 manat oğurlayan şəxs tutulub
2018-ci ildə isə Bakı və Sumqayıtda yerləşən məscidlərin nəzir qutularından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Həmin vaxt yayılan məlumatlara əsasən, şəxs eyni məsciddən bir neçə dəfə oğurluq edib. O, sonuncu dəfə nəzir qutusundan 90 manat götürərkən tutulub.
Şəxsi məsciddə olan insanlar saxlayaraq polisə təhvil veriblər. Əməl xırda talama kimi qiymətləndirilib və məhkəmənin qərarı ilə həmin şəxs üç ay müddətinə inzibati həbs olunub.
İbadət edən şəxslərin telefonları və 3 500 manat oğurlanıb
Məscidlərdə oğurluq yalnız nəzir qutuları ilə məhdudlaşmayıb.
2014-cü ildə Suraxanı rayonunda yerləşən məscidlərdən birində ibadət edən iki şəxsin mobil telefonları oğurlanıb. Polis araşdırması nəticəsində şübhəli şəxs müəyyən edilərək saxlanılıb.
2016-cı ildə isə Xırdalanda yerləşən Cümə məscidində ibadət edən şəxsin gödəkçəsinin cibindən 3 500 manat pul oğurlanıb. Şübhəli şəxs daha sonra saxlanılıb və törətdiyi əməli etiraf edib.
Məsciddən xalçalar və texniki avadanlıqlar da aparılıb
2019-cu ildə Qubada məscidlərdən birindən xalçalar oğurlanıb. Polis araşdırması zamanı şübhəli qadının gecə saatlarında, məsciddə heç kimin olmadığı vaxt xalçaları götürdüyü müəyyənləşdirilib.
2021-ci ildə isə Masallının Boradigah qəsəbəsində yerləşən məsciddən elektron saat, mikrofon, fləşkartlar, plafon və açar dəsti oğurlanıb.
Cəlilabadda 2022-ci ildə saxlanılan iki şəxsin isə evlərdən oğurluq etməklə yanaşı, məsciddən də məişət və təmir-tikinti əşyaları apardığı müəyyən edilib.
Azərbaycanda 2 389 məscid var
Hazırda Azərbaycanda 2 389 məscidin olduğu, onlardan 1 900-nün daimi fəaliyyət göstərdiyi bildirilir.
Minlərlə insanın gün ərzində istifadə etdiyi məscidlərdə nəzir qutuları, şəxsi əşyalar, texniki avadanlıqlar və digər əmlakın qorunması təhlükəsizlik məsələsini də gündəmə gətirir.
Oğurluğa görə hansı cəza nəzərdə tutulur?
Azərbaycan Cinayət Məcəlləsinin 177-ci maddəsinə əsasən, oğurluq özgənin əmlakını gizli şəkildə talama hesab olunur.
Sadə oğurluğa görə ictimai işlərdən başlayaraq üç ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Oğurluq təkrar, qrup halında, binaya qanunsuz daxil olmaqla, cibdən və ya çantadan götürməklə, yaxud xeyli ziyan vurmaqla törədildikdə isə cəza iki ildən beş ilədək azadlıqdan məhrumetmə ola bilər.
Daha böyük məbləğlər və digər ağırlaşdırıcı hallar olduqda isə qanunvericilik daha sərt cəzalar müəyyən edir.
Əməlin məbləği və digər xüsusiyyətləri cinayət məsuliyyəti yaratmaq üçün tələb olunan həddə çatmadıqda isə hadisə xırda talama kimi qiymətləndirilə bilər.
İnzibati Xətalar Məcəlləsinə əsasən, xırda talamaya görə 160-240 saat ictimai iş və müəyyən hallarda üç ayadək inzibati həbs nəzərdə tutulur.
Məscidlər niyə oğrular üçün hədəfə çevrilir?
Məsciddə oğurluq hadisələrinin diqqətçəkən tərəflərindən biri insanların bu məkanlarda özlərini daha təhlükəsiz hiss etməsidir. İbadət zamanı diqqət başqa istiqamətə yönəldiyindən telefon, üst geyimi və çantalar nəzarətsiz qala bilər.
Nəzir qutuları isə içərisində pul olduğu bilinən sabit hədəfdir. Bu səbəbdən məscidlərdə oğurluq həm şəxsi əmlaka, həm də ibadət məkanlarının təhlükəsizliyinə dair əlavə tədbirlərin görülməsini gündəmə gətirir.

