Netanyahu parlamentdə çoxluğu itirdi – İsraildə seçkinin nəticələri açıqlandı

Netanyahu parlamentdə çoxluğu itirdi – İsraildə seçkinin nəticələri açıqlandı

İsraildə parlament seçkilərində səslərin 100 faizi hesablanıb. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı blok Knessetdə çoxluğu əldə edə bilməyib.

“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı yekun nəticələrə əsasən, Netanyahunun “Likud” partiyası 27 mandat qazanaraq ən böyük siyasi qüvvə olub.

Ümumilikdə Netanyahunun rəhbərlik etdiyi blok 120 yerlik Knessetdə 53 mandat əldə edib. Müxalifət bloku isə 48 yerlə kifayətlənib. Hökuməti formalaşdırmaq üçün tələb olunan 61 mandatı heç bir düşərgə toplaya bilməyib.

Ərəb partiyaları həlledici mövqeyə yüksəlib

Ərəb partiyalarının ümumilikdə 19 mandat qazanması onları gələcək koalisiya danışıqlarında mühüm mövqeyə gətirib. Bu səbəbdən yeni hökumətin formalaşdırılması prosesində onların mövqeyi həlledici rol oynaya bilər.

Digər siyasi qüvvələrdən “Birləşmiş Tövrat Yəhudiliyi” və “Otzma Yehudit” partiyalarının hər biri 7, “Şas” və “Dini Sionist Partiyası”nın hər biri isə 6 mandat əldə edib.

Yeni hökuməti kim formalaşdıracaq?

Yekun nəticələrin açıqlanmasından sonra diqqət yeni hökumətin qurulması ilə bağlı danışıqlara yönəlib. İsrail Prezidenti İsaak Hersoqun rəsmi nəticələr elan edildikdən sonra partiya nümayəndələri ilə məsləhətləşərək hökuməti formalaşdırmaq üçün namizəd müəyyənləşdirməsi gözlənilir.

Namizədin müəyyən edilmiş müddət ərzində hökumət qura bilməməsi alternativ namizədin irəli sürülməsinə və ya yeni seçkilərin keçirilməsinə səbəb ola bilər.

Müxalifət partiyalarının iştirakı ilə birlik hökumətinin yaradılması nəzəri baxımdan mümkün olsa da, onların Netanyahunu hakimiyyətdən uzaqlaşdırmaq niyyəti belə bir razılaşmanı çətinləşdirir. Digər ehtimal isə ərəb partiyalarının dəstəyi ilə azlıq hökumətinin qurulmasıdır.

Seçkilərlə bağlı müdaxilə iddiaları

Seçkilərin yekun hesablanması xarici müdaxilə və səsvermədə saxtakarlıq iddiaları ətrafında yaranan mübahisələr fonunda aparılıb.

MSK sədri Noam Sohlberq xarici qüvvələrin ərəb sektorunda səsverməyə təsir göstərməsi ilə bağlı şübhələrin araşdırılması üçün “Şin Bet”in rəhbəri David Zinidən kömək istəyib.

Bununla belə, MSK seçki prosesinin bütövlüyünə sistemli şəkildə xələl gətirildiyini təsdiqləyən sübutların olmadığını bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir