“Flydubai” aviaşirkətinin təyyarəsində həmkarına bıçaqla hücum edən ikinci pilotu zərərsizləşdirən israilli sərnişinlə bağlı maraqlı fakt üzə çıxıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı müdaxilə edən Yaniv adlı şəxsin santexnika ustası olduğu müəyyənləşib.
Netanyahu ondan necə bacardığını soruşub
İsrailin Baş naziri Binyamin Netanyahu hadisə zamanı müdaxilə edən Yanivlə danışıb və ondan silahlı pilotu zərərsizləşdirməyi, eyni zamanda təyyarəni sürətli eniş vəziyyətindən çıxarmağı necə bacardığını soruşub.
Santexnika ustası isə baş verənlərə qısa cavab verib. O, “sadəcə bunu etməli idim” deyərək vəziyyətə müdaxilə etdiyini bildirib.
Trampdan hadisə ilə bağlı açıqlama
ABŞ Prezidenti Donald Tramp da hadisə barədə danışaraq Yanivin daha əvvəl heç vaxt təyyarə idarə etmədiyini qeyd edib.
Trampın sözlərinə görə, həmin şəxs “Aviaqəzaların araşdırılması” televiziya verilişini tez-tez izləyib. Bildirilir ki, Yaniv bu verilişdən belə fövqəladə vəziyyətlər zamanı idarəetmə sükanının özünə tərəf çəkilməli olduğunu öyrənib.
Təyyarədə nə baş verib?
Sentyabrın 30-da səhər saatlarında BƏƏ-dən İsrailə uçan “Flydubai” təyyarəsində insident yaşanıb. 174 nəfərin olduğu laynerdə ikinci pilotun birinci pilota bıçaqla hücum etdiyi bildirilir.
Hadisə zamanı sərnişinlərin və digər pilotların müdaxiləsi nəticəsində təyyarənin Səudiyyə Ərəbistanına təcili eniş etməsi mümkün olub.
İsrail tərəfi hadisəni rəsmi olaraq terror aktına cəhd kimi qiymətləndirib.
Faktla bağlı araşdırma davam etdirilir.






