Ölüm yaşı niyə cavanlaşıb? – VİDEO

Ölüm yaşı niyə cavanlaşıb? – VİDEO

Son illərdə açıqlanan statistik göstəricilər ölüm yaşının cavanlaşdığını göstərir. Xüsusilə ürək-damar xəstəlikləri, infarkt, insult və onkoloji xəstəliklər daha gənc yaşlarda da müşahidə olunur və ciddi fəsadlara, bəzi hallarda isə qəfil ölümlərə səbəb olur.

Xəbər Yerində Xəzər Xəbərə istinadən xəbər verir ki, ölkə üzrə müvafiq yaş qruplarında ölüm hallarının dinamikasında artım qeydə alınır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölüm halları daha çox 65-75 yaş aralığında müşahidə olunur.

Sakinlər səbəbi stress və qidalanmada görür

Cəmiyyətdə ölüm hallarının səbəbləri ilə bağlı fərqli fikirlər səslənir. Şəhər sakinləri bunu əsasən keyfiyyətsiz qidalanma, ekoloji problemlər və gündəlik stresslə əlaqələndirirlər.

Sakinlərdən biri bildirib ki, məhsulların keyfiyyəti də sağlamlığa təsir edən əsas amillərdəndir. Digər vətəndaş isə stressin müxtəlif xəstəliklərin yaranmasına səbəb olduğunu və kişilərin bu baxımdan daha çox risk altında olduğunu düşünür.

“Qidalanma və hərəkətsizlik xəstəlikləri cavanlaşdırır”

Həkim-terapevt Həbib Sahratovun sözlərinə görə, insanların qida rejimi əvvəlki illərlə müqayisədə ciddi şəkildə dəyişib, eyni zamanda hərəkətsiz həyat tərzi geniş yayılıb.

Onun sözlərinə görə, qəbul edilən və sərf olunan kalorilər arasında balansın pozulması damarların daha tez tıxanmasına və ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxarır.

Həkim bildirib ki, insanlar daha çox sedentər həyat tərzinə meyllənib, gənclər arasında zərərli vərdişlərə maraq artıb. Rafinasiya olunmuş qidalardan daha çox istifadə edilməsi də xəstəliklərin həm cavanlaşmasına, həm də sayının artmasına səbəb olur.

İnfarkt, insult və trombemboliya riski

Həbib Sahratov qeyd edib ki, miokard infarktı, beyin infarktı, ağciyər trombemboliyası və ritm pozuntuları qəfil ölümlərə səbəb ola bilər.

Həkim qadınlar arasında da ürək-damar və onkoloji xəstəliklərin əvvəlki illərlə müqayisədə artdığını bildirib.

Onun sözlərinə görə, xüsusilə gecə saatlarında yağlı qidaların qəbul edilməsi qanda xolesterinin səviyyəsinin yüksəlməsinə və maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Bu hallar bəzi vəziyyətlərdə qəfil ölüm riskini artırır.

Sağlam qalmaq üçün nə etmək lazımdır?

Mütəxəssis insanların mümkün qədər sağlam qidalanmasına diqqət yetirməli olduğunu vurğulayıb.

O qeyd edib ki, hərəkətsiz həyat tərzi artıq çəkiyə səbəb olur və bu, ürək-damar xəstəlikləri üçün mühüm risk faktorlarından biridir.

Həkim insanların idmana daha çox vaxt ayırmasını da tövsiyə edib. Onun sözlərinə görə, hər gün ən azı bir saat tempolu yürüş etmək ürək-damar xəstəliklərinin qarşısının alınması baxımından faydalıdır.

“Şikayət olmasa belə, müayinədən keçmək lazımdır”

Açıqlanan statistik göstəricilər qadınlar və kişilər arasında yaş qrupları üzrə ölüm hallarının ciddi siqnallar verdiyini göstərir. Məlumatlara əsasən, kişilərin 85 yaşa qədər qadınlarla müqayisədə daha erkən ölümlə üzləşdiyi görünür.

Mütəxəssislər insanlara heç bir şikayətləri olmasa belə, mütəmadi ümumi check-up müayinələrindən keçməyi tövsiyə edirlər.

Çünki bir sıra təhlükəli xəstəliklər ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edə bilər. Vaxtında aparılan profilaktik müayinələr və sağlam həyat tərzi xəstəliklərin ağırlaşmasının və erkən ölüm riskinin qarşısını almağın əsas yollarından hesab olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir