Elektron ticarətlə məşğul olan satıcılar alıcılara nağdsız ödəniş üsulları barədə məlumatlarla tanış olmaq imkanı yaratmalı olacaqlar.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Elektron ticarət haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, satıcılar (təchizatçılar) alıcıların (sifarişçilərin), eləcə də səlahiyyətli dövlət orqanlarının ödəniş üsulları barədə məlumatlarla tanış olmasına şərait yaratmalıdırlar. Buraya POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə həyata keçirilən nağdsız ödənişlər də daxildir.
Sənəddə POS-terminal anlayışına da aydınlıq gətirilir. Belə avadanlıq nağdsız, o cümlədən təmassız ödənişlərin aparılması və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan qurğuları əhatə edəcək. Lazımi proqram təminatı ilə təchiz olunmuş və mobil operatorların şəbəkəsində işləyən mobil telefonlar və digər uyğun son avadanlıqlar da bu anlayışa daxil ediləcək.
Layihədə nəzərdə tutulur ki, elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilsin.
Digər dəyişiklik alıcıya təqdim edilən məlumatlarla bağlıdır. Satıcı sifariş verilməzdən əvvəl alıcıya təqdim etməli olduğu məlumatları müqavilə bağlanana qədər elektron sənəd formasında təsdiqlənmə vasitəsilə çatdırmalıdır.
Elektron ticarətdə texnoloji neytrallıq prinsipi tətbiq ediləcək
Qanun layihəsinə əsasən, elektron ticarətin hüquqi tənzimlənməsi texnoloji neytrallıq prinsipinə də söykənəcək.
Bu prinsip elektron ticarət münasibətlərində hər hansı texnologiyaya üstünlük verilməməsini, onun tətbiqinə məhdudiyyət qoyulmamasını və müxtəlif texnoloji həllərin bərabər qəbul edilməsini nəzərdə tutur.
Bundan əlavə, “Elektron ticarət haqqında” Qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyətin ləğvi təklif olunur.
Layihədə, həmçinin qanunda işlədilən digər anlayışların Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə etməsi nəzərdə tutulub.
Qeyd edək ki, təqdim olunan müddəalar qanun layihəsində əksini tapıb. Dəyişikliklərin qüvvəyə minməsi üçün qanunvericiliklə nəzərdə tutulan qəbul və rəsmiləşdirmə prosedurları tamamlanmalıdır.

