Azərbaycanda bəzi kateqoriyadan olan vətəndaşların pensiyalarına aylıq sabit əlavələrin hesablanması nəzərdə tutulur. Bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.
Xəbər Yerində Oxu.az-a istinadən xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında məlumat paylaşıb.
Deputat bildirib ki, dəyişikliklər Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi cari ayın ilk günündən hesablanacaq.
Pensiyalara kimlər üçün əlavə veriləcək?
Vüqar Bayramovun sözlərinə görə, yeni mexanizm dövlət qulluqçularını, Müdafiə Nazirliyinin hərbi qulluqçularını və digər müəyyən kateqoriyalara aid şəxsləri əhatə edəcək.
Hazırda bu kateqoriyadan olan şəxslərin pensiyaları əməkhaqqı göstəriciləri əsasında müəyyənləşdirilir. Dəyişikliklər qüvvəyə mindikdən sonra isə fərdi şəxsi hesabda toplanan pensiya kapitalı əsasında hesablanan məbləğin üzərinə sabit aylıq əlavə gələcək.
100 min manat pensiya kapitalı olan şəxsin pensiyası necə hesablanacaq?
Deputat yeni qaydanı konkret nümunə ilə izah edib.
Belə ki, vətəndaşın 100 min manat pensiya kapitalı varsa, bunun 85 faizi, yəni 85 min manat hesablamada nəzərə alınacaq. Həmin məbləğ 144-ə bölünərək aylıq pensiyanın yığım əsaslı hissəsi müəyyənləşdiriləcək.
Hesablamaya əsasən, 85 min manatın 144-ə bölünməsi nəticəsində aylıq pensiya məbləği təxminən 590,28 manat təşkil edəcək. Daha sonra həmin məbləğin üzərinə vətəndaşın aid olduğu kateqoriya üzrə müəyyənləşdirilən sabit əlavə hesablanacaq.
Beləliklə, yekun aylıq pensiya yığım əsaslı məbləğlə sabit əlavənin cəmindən ibarət olacaq.
Pensiyalar müraciətsiz təyin ediləcək
Deputatın sözlərinə görə, yeni qaydalar pensiyaların və aylıq əlavələrin proaktiv qaydada təyin edilməsini də nəzərdə tutur.
Bu o deməkdir ki, müvafiq kateqoriyaya daxil olan vətəndaşların pensiya və əlavələrinin təyin olunması üçün dövlət qurumlarına ayrıca müraciət etməsinə ehtiyac qalmayacaq. Təyinat elektron qaydada həyata keçiriləcək.
Aylıq sabit əlavənin konkret məbləği və onun təyin edilməsinə cavabdeh qurum müvafiq qaydada müəyyənləşdiriləcək.
Qeyd edək ki, dəyişikliklər Prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

